Azərbaycan Pediatrlar Assosiasiyasının 41-ci Milli Qurultayı bu gün öz işinə yekun vurur.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultayda Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, deputatlar, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak edirlər.
Qurultayın proqramı pediatriyanin müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarətdir.
Tədbir çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçib.
Panellərdə qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi elmi işlərini təqdim ediblər.
Tədbirin əsas məqsədi tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.
Qeyd edək ki, qurultay iyunun 22-də öz işinə başlayıb.