Azərbaycan Pediatrlar Assosiasiyası (APA) ölkədə ushaq həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən biridir.
Assosiasiyanın yaranması tarixi 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin yaranması ilə eyni tarixi dövrə təsadüf edir.
1930-cu ildə təsis edilmiş assosiasiya müxtəlif adlar altında fəaliyyət göstərib.
Təşkilata uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Görkəmli alim Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub.
Sonrakı tarixi dövrdə gorkəmli pediatr, tanınmış ictimai xadim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova 1972-ci ildə Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib.
Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə icra edir.
Pediatrlar Assosiasiyasının bütün tarix boyu ən nəcib işi Azərbaycanda uşaqların sağlamlığının qorunmasına, möhkəmləndirilməsinə və pediatriyanın inkişafına fədakar xidmət olub.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyü tarixi ərəfədə Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti də yüksək səviyyədə dəstəklənib. Onun himayədarlığı assosiasiyanın fəaliyyətində yeni mərhələnin yaranmasına təkan verib. Ümummili Lider Heydər Əliyevin assosiasiyanın o zamankı rəhbəri akademik Adilə Namazova ilə ishkuzar görüşləri olub.
Eyni zamanda, akademik Adilə Namazovanın Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə professional insani dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının dunyada tanınmasına əlverişli zəmin yaradıb.
Assosiasiyanın əsas məqsədləri sırasında pediatriya sahəsində elmi-praktik problemlərin həllinə kömək, profilaktika, diaqnostika və müalicə məqsədilə müasir, yüksək effektiv texnologiyaların uşaqların sağlamlığının qorunması praktikasına daxil edilməsi və digər vəzifələr durur. Bu gün assosiasiya oz ətrafında təcrübəli pediatrları və əlaqəli ixtisasların həkimlərini birləşdirir.
Assosiasiya uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini
prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.
Azərbaycan Pediatrlar Assosiasiyasının devzi Azərbaycan pediatriya məktəbinin şərəfli ənənələrini qorumaq, bu ənənələri elmi və praktik fəaliyyətində inkişaf etdirərək tətbiq etmək, yüksək peşəkarlıq, əsl humanizm və uşaqlara sonsuz məhəbbətdir.
Azərbaycan Pediatrlar Assosiasiyası bir neçə beynəlxalq cəmiyyətlərin üzvsüu:Beynəlxalq Pediatrlar Assosiasiyasının (International Pediatric Association), Avropa Pediatrlar Assosiasiyasının (EPA/UNEPSA), Avropa Elmi Tədqiqatlar Assosiasiyası (ARS- EPA/UNEPSA), UNESCO-nun və d. Beynəlxalq təşkilatların birqə layihəsi çərçivəsində/ MDB ölkələrinin Etika Komitələrinin Forumu (FECCİS), Rusiya Pediatrlar Ittifaqının (Союз Педиатров России).
Azərbaycan Pediatrlar Assosiasiyası loqosu dairəvi formadadır. Loqonun kənarları boyunca “Azərbaycan Pediatrlar Assosiasiyası” sözləri yazılıb. Loqonun mərkəzində isə uşaqlarla əl-ələ verib dairə qurmuş həkim təsviri verilib.
2025-ci ildə ölkəmizin tibb ictimaiyyəti Azərbaycan Pediatrlar Assosiasiyasının təsis edilməsinin 95 illik yubileyini təntənə ilə qeyd edəcəkdir.