XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib
Azərbaycan Tibb Universitetində “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan pediatriyasının inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bildirib ki, uşaqlar hər bir dövlətin, bəşəriyyətin gələcəyidir. Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların sağlamlığı və qorunmasıdır. Ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə çoxsaylı işlər görülmüşdür.
Azərbaycan Tibb Universitetinin yüksək ixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir.
Konqresdə klinik pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlərin müzakirəsi olacaq. Əminəm ki, bu möhtəşəm tədbir pediatriya sahəsində tanınmış görkəmli alim və həkimləri bir araya gətirəcək və nəticədə yeni layihələrin daha da səmərəli həyata keçirilməsinə stimul verəcək”.
Tədbirin bədii hissəsi musiqili proqramla davam edib. Daha sonra davam edən konqres çərçivəsində ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə plenar iclaslar keçirilib, elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə edilib. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssisələrinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri fikir mübadiləsi aparıblar.