Bakı şəhəri, Azərbaycan Respublikası

Həftə içi hər gün: 9:00 - 18:00

Azərbaycan Pediatrlar Assosiasiyası “Ümumdünya İmmunlaşdırma Həftəsi”nə qoşulub

Azərbaycan Pediatrlar Assosiasiyası hər il olduğu kimi, 2023-cü ildə də Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) və dünya üzrə digər tərəfdaşlarla birgə Ümumdünya İmmunlaşdırma Həftəsini qeyd edib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, doğulan andan körpələr infeksiyalarla üzləşir. Bu infeksiyaların əksəriyyəti olduqca təhlükəlidir. Məlumdur ki, məhz peyvənd uşaqları və böyükləri bir çox təhlükəli infeksiyalardan qorumağın əsas yoludur. Müəyyən bir peyvəndin ardıcıllığına ciddi riayət etmək - bir uşağın sağlamlığı timsalında əhalinin sağlamlığının təminatıdır. Bu məqsədlə Azərbaycan Respublikasının milli peyvənd təqvimi təhlükəsizlik, effektivlik və əlçatanlıq prinsipləri nəzərə alınmaqla tərtib edilib. Təqvim peyvəndlərin aparılmasının müddətini və ardıcıllığını təyin edir.
Səhiyyə naziri Teymur Musayevin 24–29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı imzaladığı əmrə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindən biri də hər hansı səbəbdən müəyyən müddət ərzində immunizasiyadan kənarda qalan uşaqları peyvəndə cəlb etməkdir. Ölkəmizdə “İmmunlaşdırma həftəsi” çərçivəsində mütəxəssislər tərəfindən rayon və şəhərlərdə səhiyyə işçiləri üçün treninqlər təşkil olunub, monitorinqlər keçirilib.
Bu il də Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan həkimlər “İmmunlaşdırma həftəsi” çərçivəsində müəyyən qrup valideynlərlə görüşlər keçirib, onlara peyvəndlə bağlı maarifləndirici broşürlər təqdim edilib. Eyni zamanda, onlayn platformalar üzərindən konsultasiyalar təşkil olunub, azyaşlı övladı olan valideynlərə vaksinasiyanın əhəmiyyətinə dair professional məsləhətlər verilib.